Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ilin ikinci rübündə qlobal kompüter satışları azalsa da, cihazların qiymətləri əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycanda da elektronika bazarında qiymət dəyişiklikləri istehlakçıların diqqətindədir.
Hazırda yerli mağazalarda noutbuk və kompüterlərin qiymətləri model və texniki göstəricilərdən asılı olaraq geniş diapazonda dəyişir. Bəs kompüterlərin bahalaşmasının əsas səbəbi nədir və qiymət artımı qarşıdakı aylarda da davam edəcəkmi?
Mövzu ilə bağlı iqtisadçı Məhəmməd Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, kompüterlərin bahalaşmasının əsas səbəblərindən biri dünya bazarında elektron komponentlərin, xüsusilə yaddaş çipləri və digər texnoloji avadanlıqların qiymətinin yüksəlməsidir. Bundan əlavə, süni intellekt texnologiyalarına olan tələbatın artması çip və yaddaş istehsalçılarına əlavə təzyiq yaradır. Onun sözlərinə görə, bu da son nəticədə kompüter və noutbukların maya dəyərinə təsir göstərir: "Azərbaycanda qiymətlərə yalnız qlobal bahalaşma deyil, valyuta məzənnəsi, logistika xərcləri, gömrük ödənişləri və satıcıların marjası da təsir edir. Əgər dünya bazarında kompüterlərin əsas komponentlərinin qiyməti artmaqda davam edərsə, bu, müəyyən müddətdən sonra Azərbaycanda da pərakəndə qiymətlərdə özünü göstərə bilər.
Xüsusilə yeni nəsil və yüksək texniki göstəricilərə malik kompüterlərdə bahalaşma daha çox hiss oluna bilər. Lakin qiymət artımının bütün modellər üzrə eyni səviyyədə olacağını demək düzgün olmaz".
Müəllif: İlkin Məmmədkərimov