Bakı 🌧️ +17°C çərşənbə axşamı, 06 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9014 +0.0000 RUB 0.0202 +0.0000
Sosial

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMA

"Səhər məktəbin qapıları açılır, uşaqlar siniflərə daxil olur, müəllim jurnalını götürüb dərsə başlayır. Lövhədə mövzu yazılır, dəftərlər açılır, suallar verilir, cavablar dinlənilir. Bir neçə saatdan sonra zəng çalır və uşaqlar evlərinə gedirlər. Ertəsi gün isə eyni mənzərə yenidən təkrarlanır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

.

O, qeyd edib ki, bu mənzərənin içində elə bir sual var ki, üzərində bəzən kifayət qədər dayanmırıq: məktəbdə keçən illər uşağı yalnız növbəti imtahana hazırlayır, yoxsa onu həyatda qarşılaşacağı vəziyyətlərə də hazırlayır?:

"Əlbəttə, məktəbin əsas vəzifəsi uşağa bilik verməkdir. Riyaziyyatı, dili, tarixi, fizikanı, biologiyanı bilmədən keyfiyyətli təhsil almaq mümkün deyil. Ancaq uşaq məktəbdən məzun olanda onun əlində yalnız dərsliklərdəki məlumatlar qalmamalıdır. O, fikrini ifadə etməyi, qarşısındakı insanı dinləməyi, səhv etdiyini etiraf etməyi, məsuliyyət götürməyi, problemi görüb onun həlli yollarını axtarmağı da bacarmalıdır.

Biz çox vaxt uşağın neçə bal topladığını dəqiq bilirik, amma onun hansı məsələdə çətinlik çəkdiyini o qədər də soruşmuruq. "Dərslərini oxudun?" sualı gündəlik həyatımızın bir hissəsinə çevrilib. Ancaq "Bu gün nə öyrəndin və nəyi başa düşmədin?" sualını daha az veririk. Halbuki ikinci sual uşağın öyrənmə prosesini anlamaq üçün daha çox məlumat verə bilər.
Məktəb niyə uşağı həyata hazırlaya bilmir?-AÇIQLAMAMəktəbi bitirən insan həyatın içində tamam başqa suallarla qarşılaşır. Pulunu necə xərcləyəcəyini, kiminlə necə münasibət quracağını, hüquqlarını necə qoruyacağını, iş yerində məsuliyyətini necə daşıyacağını, qarşısındakı insanla razılaşmadıqda fikrini necə ifadə edəcəyini artıq heç bir test vərəqi onun yerinə həll etmir. Uşağın bu bacarıqları formalaşdırması üçün məktəbdə ona düşünmək və qərar vermək imkanı da verilməlidir.

Müəllim hər sualın hazır cavabını verdikdə şagird həmin cavabı yadda saxlaya bilər. Lakin eyni məsələ bir qədər fərqli formada qarşısına çıxanda yenə müəllimin cavabını gözləyə bilər. Uşaq özü araşdırmağa, sual verməyə, səhv edib yenidən cəhd göstərməyə alışanda isə vəziyyət dəyişir. Bu halda məktəbdə öyrəndiyi bilik yalnız imtahan günündə deyil, sonrakı həyatında da onun işinə yarayır.

Məktəbin uğurunu yalnız əla qiymətlərin sayı ilə ölçmək kifayət deyil. Əla qiymət, əlbəttə, yaxşı nəticədir. Ancaq məktəbdən məzun olan gəncin öz ayaqları üzərində dayanması, məsuliyyət daşıması və qarşısına çıxan problemlərin həlli yollarını tapması da mühüm nəticədir.

Uşağa həyatın hər məsələsi üçün hazır cavab vermək mümkün deyil. Buna görə də ən vacib bacarıqlardan biri cavabı bilmədikdə onu necə axtarmağı öyrənməkdir".

Sevimlilərə əlavə et