Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama
"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, bəzi ailələr gəlirlərinə uyğun olmayan xərclərə yol verir, kredit kartlarından və istehlak kreditlərindən plansız istifadə edirlər. Xüsusilə bir kreditin digər kredit hesabına bağlanması borc yükünü daha da artırır. İnsan gələcək gəlirlərini nəzərə almadan borclananda müəyyən müddətdən sonra maaşının əhəmiyyətli hissəsi, bəzən isə demək olar ki, hamısı kredit ödənişlərinə yönəlir:"Amma digər tərəfdən, yalnız əhalini günahlandırmaq da doğru deyil. Ərzaq, kommunal xidmətlər, kirayə, nəqliyyat, təhsil və digər zəruri xərclərin artması gəlirin böyük hissəsinin gündəlik tələbatın ödənilməsinə yönəlməsinə səbəb olur. Təsadüfi deyil ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, orta statistik Azərbaycan vətəndaşı gəlirlərinin 50 faizini gündəlik tələbat mallarına xərcləyir. Avropada isə bu göstəricinin 10-15 faiz arasında olduğu bildirilir.
Maaş əsas ehtiyacları tam qarşılamağa kifayət etmədikdə ailə məcburən kreditə müraciət edə bilər. Bu halda kredit artıq əlavə istehlak vasitəsi deyil, aylıq büdcədə yaranan çatışmazlığı aradan qaldırmaq üçün istifadə olunan maliyyə alətinə çevrilir.
Əsas problem gəlirlə xərclər arasındakı fərqin getdikcə azalmasıdır. Əgər insanın aylıq gəlirindən zəruri xərcləri çıxandan sonra ehtiyat yaratmaq üçün vəsait qalmırsa, gözlənilməz xərc ortaya çıxdıqda onun əsas çıxış yolu borclanmaq olur. Beləliklə, borc birdəfəlik maliyyə alətindən çıxaraq daimi gəliri tamamlayan vasitəyə çevrilir.
Ona görə də əhalinin borcdan çıxması üçün həm maliyyə savadlılığının artırılması, həm də real gəlirlərin yüksəldilməsi vacibdir. İnsanların xərclərini daha düzgün planlaşdırması borclanma riskini azalda bilər. Lakin gəlir gündəlik zəruri xərcləri belə qarşılamağa kifayət etmirsə, problemi yalnız qənaət etməklə həll etmək mümkün deyil".