Bakı ☁️ +18°C cümə axşamı, 08 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9095 +0.0000 RUB 0.0200 +0.0000
Texnologiya

Paramount və Warner Bros. Discovery 110 milyard dollara birləşdi

Paramount və Warner Bros. Discovery 110 milyard dollara birləşdi
 “Paramount” və “Warner Bros. Discovery” təxminən 1 il davam edən danışıqlardan sonra çərşənbə axşamı birləşib. Razılaşmanın dəyəri 110 milyard dollar (187 milyard manat) göstərilir. Bəzi məlumatlarda isə məbləğin 111 milyard dollar (təxminən 188,7 milyard manat) olduğu yazılıb. Birləşmiş şirkət “Skydance” adlanacaq və ona milyarder David Ellison rəhbərlik edəcək. Beləliklə, dünyanın ən böyük media şirkətlərindən biri yaranıb.
Paramount və Warner Bros. Discovery 110 milyard dollara birləşdi
    “Skydance” artıq 2 böyük kino studiyasına nəzarət edir. “CBS”, “CNN”, “MTV”, “TBS”, “Comedy Central” və “Food Network” kimi telekanallar da şirkətə daxildir. “TNT”, “Adult Swim”, “Cartoon Network” və “Nickelodeon” da eyni şirkətə keçib. “HBO Max” və “Paramount+” zamanla vahid xidmətə çevriləcək. Beləliklə, hər iki platformadakı film və seriallar eyni abunəlik altında birləşə bilər.
    Şirkətin film və serial portfelində “DC”, “Harry Potter”, “Game of Thrones”, “Mission: Impossible” və “The Lord of the Rings” var. Siyahıya “Star Trek”, “Looney Tunes”, “SpongeBob SquarePants” və “Yellowstone” da daxildir. “Skydance” ilk 2 ilin hər birində kinoteatrlar üçün 30 film buraxmağı öhdəsinə götürüb. Sonrakı 3 ildə bu rəqəm 32 filmə yüksələcək. Həmçinin hər il ən azı 4 müstəqil film, 180-dən çox televiziya proqramı və serialın yayımlanması planlaşdırılır.
    Birləşmiş “Skydance”-ın illik gəliri təxminən 70 milyard dollara çatacaq (119 milyard manat). Şirkətin ən böyük səhmdarı Ellison ailəsidir. Ailənin əsas maliyyə dayağı “Oracle” həmtəsisçisi Larry Ellisondur. B sinifli səhmlər Nyu-York Fond Birjasında “SKYD” kodu ilə satılmağa başlayıb. “WBD” səhmlərinin “NASDAQ”-da alqı-satqısı isə dayandırılıb.
    Şirkət 80 milyard dollar borcla başlayacaq (136 milyard manat). Birləşmə “Skydance”-ın ötən yay “Paramount”u 8 milyard dollara (13,6 milyard manat) almasından və “Netflix”-lə rəqabətdə qalib gəlməsindən sonra baş tutub.
Paramount və Warner Bros. Discovery 110 milyard dollara birləşdi
    Birləşmə Hollivudda böyük studiyaların sayını 4-ə endirdiyi üçün ciddi etiraz doğurub. Sektorda çalışan 1000-dən çox şəxs razılaşmanı tənqid edib. Amerika Ssenaristlər Gildiyası yazıçıların maaşlarının və istehsal olunan layihələrin sayının azalacağından narahatdır. “Paramount+” abunəçiləri də qiymətlərin arta biləcəyi ilə bağlı ayrıca məhkəməyə müraciət ediblər. Son hüquqi maneələr Kaliforniya başda olmaqla 12 ştat və ssenaristlər gildiyası ilə razılaşmalardan sonra aradan qalxıb.
    Birləşmə ilə bağlı siyasi narahatlıqlar da davam edir. İnvestorların iddiasına görə, Ellison ailəsi Donald Trump administrasiyası ilə qanunsuz yan razılaşma qurub və “CNN”-də dəyişiklik etməyə söz verib. “Paramount” bu iddianı rədd edir. “CBS” rəhbərliyi özünüsenzurada və administrasiyanın tələblərinə uyğun davranmaqda günahlandırılıb. “CNN” rəhbəri Mark Thompson kanalın müstəqilliyinin qorunacağına inandığını deyib. Elon Musk-ın investor qrupuna qoşulması da müzakirə olunub. Yaxın Şərq fondlarının ümumi payı şirkətin təxminən yarısına çata bilər.
    David Ellison birləşməni həm “Skydance”, həm də bütün sektor üçün tarixi gün adlandırıb. Ancaq əməkdaşlara göndərilən məktubda 2 şirkətin birləşdirilməsi zamanı çətin qərarların veriləcəyi və ixtisarların olacağı etiraf edilib. Ellisonun sözlərinə görə, əsas məqsəd yaradıcı heyət üçün daha çox şərait yaratmaq, tamaşaçıları əyləndirmək və səhmdarlara gəlir qazandırmaqdır.
Sevimlilərə əlavə et