Kişi və qadın müəllimlər belə geyinəcək – QƏRAR

Xəbər verdiyimiz kimi, Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müəyyənləşib.
Trendx.az xəbər verir ki, qərara əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Kişi təhsilverənlərin geyim forması: Sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar); uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək; təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet; klassik ayaqqabı geyinməlidir.
Qadın təhsilverənlərin forması: Sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don); uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don; uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta; klassik ayaqqabı.