Son illər sosial şəbəkələrdə "bolluq ritualı", "arzuların həyata keçməsi üçün edilən ayinlər", "enerji təmizlənməsi" və buna bənzər məzmunların sürətlə yayılması bu mövzuya marağı da artırıb. Xüsusilə qeyri-müəyyənlik və stress dövründə bir çox insan həyatında müsbət dəyişiklik yaratmaq ümidi ilə müxtəlif rituallara üz tutur.
Bəs insanları bu cür davranışlara sövq edən psixoloji amillər hansılardır? Rituallar həqiqətən daxili rahatlıq hissi yaradır, yoxsa bu, sadəcə insanın nəzarət hissini bərpa etməyə çalışmasının nəticəsidir?

Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, buna "nəzarət illuziyası" deyilir. Onun sözlərinə görə, əslində ritual özü zərərsiz bir şey deyil: "İnsanı sakitləşdirə və emosional dəstək verə bilər. Problem o zaman başlayır ki, insan ritualı psixoloji dəstək vasitəsi kimi deyil, həyatın reallığını dəyişdirən və bütün məsuliyyəti insanın üzərindən götürən bir mexanizm kimi görməyə başlayır. İnsanın həyatında müəyyən hadisələr baş verməlidir ki, insan qərarlar verməyi, nəticələr çıxarmağı öyrənə bilsin. Bu inkişafdır. Şam yandırmaq, müəyyən sözləri dəfələrlə təkrarlamaq və ya hansısa ritualı yerinə yetirməklə insanda "bunu edirəmsə nəticəyə təsir edə bilirəm" hissini yarada bilər.
Hər bir sağlam düşüncəli insan bilir ki, dəyişiklik yaradan şam, söz və ya ritual deyil, insanın düşüncəsi, davranışı və atdığı real addımlardır. Ritual sadəcə insanın daxili, emosional və mənəvi dünyası ilə əlaqə qurmasına xidmət edən simvolik bir vasitədir. Ritual öz özlüyündə heç nə dəyişmir, insanın rituala verdiyi məna və yaratdığı psixoloji təsir insanı dəyişir. Yəni dəyişən insanın özüdür, amma özünü deyil ritualı görür.
İnsan baş verən hadisələri idarə edə bilmədiyini hiss edəndə, beyin ona təhlükəsizlik hissi verən yollar axtarır. Kimsə falçıya, kimsə rituallara, kimsə pis vərdişlərə, kimisi isə kitablara ya psixoloqa, təbiətə üz tutur".
Müəllif: İlkin Məmmədkərimov