Xəbərlər

Nyukasl Universitetinin alimləri müəyyən ediblər ki, sağlam həyat tərzinə aid beş sadə qaydaya əməl etmək, hətta onkoloji diaqnoz qoyulduqdan sonra belə ölüm riskini azalda bilər.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Cancer jurnalında dərc olunub.

Tədqiqatçılar sonradan xərçəng diaqnozu qoyulmuş 28 550 nəfərin məlumatlarını təhlil ediblər. Araşdırma zamanı beş əsas amil nəzərə alınıb: normal çəkinin qorunması, müntəzəm fiziki aktivlik, kifayət qədər tərəvəz, meyvə və tam taxıl məhsullarının qəbulu, qırmızı və emal olunmuş ətin məhdudlaşdırılması, həmçinin alkoqolun normada istifadəsi.

Məlum olub ki, sağlam həyat tərzi ilə bağlı tövsiyələrin hər əlavə bəndinə əməl etmək ölüm riskini 8 faiz azaldır. Sağlam vərdişlərə ən çox riayət edən şəxslərdə ölüm riski, bu qaydalara ən az əməl edənlərlə müqayisədə 16 faiz daha aşağı olub.

Alimlərin sözlərinə görə, müsbət təsir siqaret çəkib-çəkməməsindən asılı olmayaraq müşahidə edilib və süd vəzi, eləcə də qaraciyər xərçəngi daxil olmaqla müxtəlif xərçəng növlərində özünü göstərib.

Mütəxəssislər hesab edirlər ki, sağlam vərdişlər yalnız xərçəngin profilaktikası üçün deyil, diaqnoz qoyulduqdan sonra xəstəliyin daha əlverişli keçməsinə də kömək edə bilər.


Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.


Soyuq əl və ayaqların səbəbləri açıqlanıb.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Svetlana Burnatskaya açıqlama verib.

Onun sözlərinə görə, daimi soyuq əllər və ayaqlar anemiya, hipotireoz, diabet, periferik arterial xəstəlik və bəzi autoimmun proseslərlə əlaqəli ola bilər.

Belə ki, bəzən bu hal sadəcə orqanizmin xüsusiyyəti olsa da, bəzi hallarda ciddi xəstəliklərin siqnalı sayılır.

"Həyəcan siqnalı sayılan əlamətlərə barmaqlarda solğunluq və ya göyərmə, soyuqda ağarma və "mərmər" görüntüsü, yeriyərkən ağrı, şişkinlik, keyimə, iynəbatma hissi, həmçinin barmaq və ayaqlarda yaraların yaranması daxildir. Bu hallar xüsusilə Reyno fenomeni üçün xarakterikdir", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, həyat tərzi də əl-ayaqların temperaturuna ciddi təsir göstərir. Siqaret çəkmək damarları daraldaraq qan dövranını zəiflədir və periferik arterial xəstəlik riskini artırır. Fiziki aktivliyin az olması, artıq çəki, uzun müddət oturaq vəziyyətdə qalmaq, xroniki stress və narahatlıq da əllər və ayaqlarda soyuqluq hissini gücləndirə bilər.

Burnatskaya bildirib ki, qadınlarda bu problem daha çox müşahidə olunur. Bu, estrogen hormonunun damar tonusuna təsiri, əzələ kütləsinin kişilərlə müqayisədə daha az olması və qan dövranının xüsusiyyətləri ilə əlaqələndirilir. Həmçinin menstrual dövr, hamiləlik və menopauza dövrü də bədən temperaturunun tənzimlənməsinə təsir edir.

Həkim vurğulayıb ki, əl və ayaqlar isti mühitdə belə soyuq qalırsa, dəri solğun və ya göyümtül rəng alırsa, yeriyərkən ağrılar, gecə qıcolmaları, yaraların gec sağalması, ümumi halsızlıq, təngnəfəslik, saç tökülməsi, çəki dəyişiklikləri və ürəkdöyünmə müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.

0

Bakıda və Abşeron yarımadasında mayın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.

Son həftələrdə müşahidə olunan sərin və yağıntılı yaz havası yay mövsümünün necə olacağı ilə bağlı marağı artırıb.

BAKU.WS xəbər verir ki, meteoroloji müşahidələrə görə, yaz fəslinin yağışlı keçməsi təkbaşına yayın sərin və ya isti olacağını müəyyən etmir.

Hava şəraiti əsasən atmosferdəki iri miqyaslı hava axınları, region üzərində formalaşan yüksək və aşağı təzyiq sahələri ilə bağlıdır.

Mütəxəssislər bildirirlər ki, yaz aylarında soyuq hava kütlələrinin tez-tez daxil olması havanı normadan sərin və dəyişkən edə bilər. Lakin bu hal yayın mütləq eyni tendensiya ilə davam edəcəyinə zəmanət vermir.

Bəzi hallarda yazın nisbətən sərin keçməsi yayda istilik dalğalarının daha kəskin hiss olunmasına da səbəb ola bilir. Bunun səbəbi torpaq və atmosferdə yığılan rütubətin istiliyi daha "boğucu" hiss etdirməsidir.

Ümumilikdə isə Azərbaycanda yay mövsümü iqlim xüsusiyyətlərinə görə əsasən isti və quraq keçir, lakin illər üzrə dəyişkənliklər istisna deyil.


Yay aylarında ağcaqanad dişləmələri insanların ən çox qarşılaşdığı problemlərdən biridir. Əksər hallarda qaşınma və yüngül şişkinliklə müşahidə olunan bu hallar bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, adi ağcaqanad dişləməsi birbaşa ölümcül hesab olunmasa da, nadir hallarda təhlükəli nəticələr yarada bilir.

Risk əsasən güclü allergik reaksiyalar və ya ağcaqanadların daşıdığı yoluxucu xəstəliklərlə bağlıdır.

Həkimlər bildirirlər ki, bəzi insanlarda dişləmədən sonra anafilaktik şok adlanan ağır allergik reaksiya yarana bilər. Bu zaman nəfəs darlığı, boğazda şişkinlik, təzyiqin düşməsi və huşun itməsi kimi əlamətlər müşahidə olunur.

Bundan başqa, ağcaqanadlar müxtəlif xəstəliklərin daşıyıcısı ola bilir. Dünyanın bəzi bölgələrində malyariya, Qərbi Nil qızdırması kimi infeksiyalar ağcaqanadlar vasitəsilə yayılır.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda ağcaqanad dişləmələrinin böyük əksəriyyəti ciddi təhlükə yaratmır. Əsas simptomlar qaşınma, qızartı və yüngül şişkinlik olur.

Bununla belə, dişləmədən sonra yüksək hərarət, güclü şişkinlik, nəfəs almaqda çətinlik və ya bədəndə geniş səpki yaranarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Mentor, motivasiya təlimçisi, "yaşam koçu": son illər həm sosial şəbəkələrdə, həm də gündəlik həyatımızda bu adlara tez-tez rast gəlirik. Onlar insanlara ən yaxşı liderlik, münaqişələrin həll edicisi, şirkət təmsilçiliyi, üstün zəka qazanmaq vədləri verirlər. Bir vaxtlar yalnız psixoloq və ya təlimçi kimi tanınan şəxslər bu gün daha fərqli adlarla çıxış edir və geniş auditoriyaya xitab edirlər.

Bəs sözügedən şəxslərə maraq niyə bu qədər artıb?

BAKU.WS "Xəzər TV"yə istinadən xəbər verir ki, insan resursları üzrə mütəxəssis Aytən Şıxəliyeva bu sahələrin ölkədə geniş yayılmasının səbəbinin insanlardakı daxili boşluqların artması, dəstək ehtiyacının çoxalması olduğunu deyib.

"Statistika göstərir ki, 2023-cü ildən indiyə qədər insanların mentorluq alma faizləri 15% artıb. "Koçluq" daha çox insanın potensialını aydınlaşdırmasına, öz probleminə həll yolu tapmasına kömək edir. Bu yolda "koç" nə edir? Onun yanında olduğu nöqtədən çatmaq istədiyi hədəfi müəyyənləşdirir və o hədəfə gəlməkdə həmin şəxsə kömək edir. Mentorlar bir sahənin mütəxəssisləridir. Hər hansısa sahənin peşəkarı olan bir insan o sahədə irəliləmək, inkişaf etmək istəyən birinə öz təcrübəsindən yol göstərir. Peşəkar motivatorlar insanı öz daxili gücü ilə əlaqələndirərək onu uzunmüddətli həvəsləndirməyə çalışmalıdırlar", - deyə o qeyd edib.

A.Şıxəliyeva vurğulayıb ki, mentor, motivasiya təlimçisi, "yaşam koçu" kimi sahələrin peşəkarına çevrilmək üçün beynəlxalq akkreditasiyalı məktəblərdə təhsil alınmalıdır.

"Bu sahədə təhsil alan şəxslərin həmin sahədə mütləq şəkildə təcrübələri çox önəmlidir ki, aldıqları nəzəri bilikləri praktikada tətbiqini bacara bilsinlər. Sosial şəbəkədə qarşımıza çıxan, bu sahə üzrə fəaliyyət göstərən, özünü "yaşam koçu", mentor adlandıran bir çox şəxslər bu sahədə təhsil almayan, daha çox fundamental dəyərlər, standartlar çərçivəsində deyil, kurslarla təhsil alanlardır. Həmin şəxslər insanların inkişafından daha çox onlara neqativ təsir göstərirlər".

Psixoloq Gülnar Orucova bildirib ki, müasir həyat sürətlidir, stresslidir, rəqabətlidir. Bu səbəbdən bir çox insan isə nə edəcəyini, necə motivasiya tapacağını, özünü necə inkişaf etdirəcəyini bilmir və bu cür şəxslərə ehtiyac duyurlar:

"Cəmiyyətin tanınmış üzvləri öz uğur hekayələrini danışırlar və insanlar onlardan motivasiya alırlar. Bəzən həmin insanlar özləri motivator kimi fəaliyyət göstərirlər. Bəziləri həqiqətən peşəkar təhsil alır, xüsusi proqramlarda iştirak edirlər. Bəziləri isə təhsilləri olmadan pul qazanmaq üçün bu sahəyə əl atırlar. Təlimlər var ki, onların, elmi əsasları yoxdur, hər hansı bir nəticəyə dayanmır. Bunlar "Access Bars", "Teta Healing" təlimləridir. Yəni bu təlimlərə qatılıb cəmiyyətdə özlərini "yaşam koçu", hətta psixoloq kimi göstərirlər".

Kanserogenlər haqqında yayılan bir çox iddianın elmi təsdiqi yoxdur. Mütəxəssislər bildirirlər ki, insanlar mikrodalğalı soba və ya dezodorantlardan qorxsalar da, alkoqol və günəş şüalarının yaratdığı real riskləri çox vaxt yetərincə qiymətləndirmirlər.

BAKU.WS xəbər verir ki, kanserogen xərçəng riskini artıran amildir, lakin bu, xəstəliyin mütləq yaranacağı anlamına gəlmir. Risk doza, təsir müddəti və insanın həyat tərzindən asılıdır.

Mütəxəssislər mikrodalğalı sobanın qidanı kanserogen etməsi ilə bağlı iddiaların doğru olmadığını bildirirlər. Qeyd olunur ki, bu cihazlarda istifadə olunan şüalanma DNT-yə zərər vermir. Yalnız uyğun olmayan plastik qabların yüksək temperaturda istifadəsi təhlükə yarada bilər.

Araşdırmada antiperspirant və dezodorantların süd vəzi xərçənginə səbəb olması ilə bağlı iddiaların da sübuta yetirilmədiyi vurğulanıb. Amerika Xərçəng Cəmiyyəti bu əlaqəni təsdiqləyən kifayət qədər elmi dəlilin olmadığını açıqlayıb.

Məqalədə həmçinin "bütün kimyəvi maddələr zərərlidir, təbii olanlar isə təhlükəsizdir" fikrinin yanlış olduğu qeyd edilir. Bildirilir ki, kif göbələklərində yaranan aflatoksinlər kimi bəzi təbii maddələr güclü kanserogen hesab olunur.

Mütəxəssislər xərçəng riskini azaltmaq üçün siqaretdən uzaq durmağı, alkoqol qəbulunu məhdudlaşdırmağı, günəşdən qorunmağı və sağlam qidalanmanı tövsiyə edirlər.

Bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur. Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından 108 il ötür.

AXC 1918-ci il mayın 28-də Tiflisdə, Qafqaz canişininin binasında elan edilib. İstiqlal Bəyannaməsi Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Şurası tərəfindən qəbul olunub.

Bəyannamədə Azərbaycanın müstəqil dövlət kimi formalaşması, vətəndaşların hüquq bərabərliyi, demokratik idarəetmə və digər millətlərlə sülh münasibətləri əsas prinsiplər kimi əksini tapıb.

Müstəqillik elan edilərkən Rəsulzadə Batumidə Osmanlı İmperiyası ilə danışıqlarda olduğuna görə iclasa Şura sədr müavini Həsən bəy Ağayev sədrlik edib. İclasda Fətəli xan Xoyski başda olmaqla ilk müvəqqəti hökumətin tərkibi təsdiqlənib.

Hökumətə Fətəli xan Xoyski (Nazirlər Şurasının sədri və daxili işlər naziri), Xosrov Paşa bəy Sultanov (hərbi nazir), Məmmədhəsən Hacınski (xarici işlər naziri), Nəsib bəy Yusifbəyli (maliyyə və xalq maarifi naziri) və digər nazirlər daxil olub.

AXC elan edildiyi dövrdə Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində olduğundan hökumət ilkin mərhələdə Gəncədə fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri azad edildikdən sonra dövlət idarəçiliyi Bakıya köçürülüb.

Həmin ilin dekabrında Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində Azərbaycan parlamentinin açılışı baş tutub. Parlamentə Əlimərdan bəy Topçubaşov sədrlik edib, onun müavini isə Həsən bəy Ağayev olub.

AXC dövründə parlament 155 iclas keçirib, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılıb və onların əksəriyyəti qəbul olunub. Bu dövrdə qadınlara seçki hüququnun verilməsi və demokratik institutların formalaşdırılması kimi mühüm islahatlar həyata keçirilib.

Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, AXC milli dövlətçilik tarixində mühüm iz qoyub. 1920-ci il aprelin 28-də sovet qoşunlarının müdaxiləsi nəticəsində respublika süqut edib.

Qeyd edək ki, İlham Əliyevin imzaladığı qanuna əsasən, 28 May artıq Respublika Günü deyil, Müstəqillik Günü kimi qeyd olunur.

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür. Onun anadan olmasından 99 il ötür.

Habil Əliyev 1927-ci ilin bu günü, yəni mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində doğulub.

Yeddi yaşı olarkən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub.

Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Onun ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıblar və çox razı qalıblar.

Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

O, "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni həyat verib. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.

Neft qiymətləri səhər mayın 28-i Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşməsi fonunda 3,5 %-dən çox artıb.

BAKU.WS report-a istinadən xəbər veir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən, "London ICE Futures" birjasında "Brent" üzrə iyul fyuçersləri Bəndər-Abbas rayonunda ABŞ və İran arasında qarşılıqlı zərbələr barədə xəbərlərdən sonra 3,41 ABŞ dolları (3,62 %) bahalaşaraq 1 barel üçün 97,7 ABŞ dollarına çatıb.

Bir gün əvvəl "Brent" 5,29 ABŞ dolları (5,31 %) ucuzlaşaraq bir barel üçün 94,29 ABŞ dollarına düşmüşdü.

WTI üzrə iyul fyuçersləri bu vaxta qədər Nyu-York əmtəə birjası NYMEX-in elektron ticarətində 3,37 ABŞ dolları (3,8 %) bahalaşaraq 1 barel üçün 92,05 ABŞ dollarına çatmışdı. Əvvəlki sessiyada isə WTI 5,21 ABŞ dolları (5,55 %) ucuzlaşaraq 1 barel üçün 88,68 ABŞ dollarına düşmüşdü.

"Regiondan neft tədarükləri hələ də məhduddur, əsas mübahisəli məsələlər isə hələ də həll olunmayıb", - ANZ-nin əmtəə strateqi Denyel Hayns qeyd edib.


Nevroloqlar beyin sağlamlığını qorumaq və koqnitiv zəifləmə riskini azaltmaq üçün qida rasionundan çıxarmağı və ya ciddi şəkildə məhdudlaşdırmağı tövsiyə etdikləri məhsulları açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu məhsullar yaddaşa, diqqətə və beynin uzunmüddətli sağlamlığına hiss olunmadan mənfi təsir göstərə bilər.

Protein tozu

Protein tozu çox vaxt arıqlamaq və ya çəki artırmaq istəyən insanlar üçün sağlam və aşağı kalorili məhsul kimi reklam olunur.

Lakin onların bir çoxunun tərkibində süni dadlandırıcılar olur ki, bunlar bağırsaq mikrobiomunu poza bilər.

Sağlam və güclü bağırsaq mikrobiomu isə beynin sağlam fəaliyyəti üçün olduqca vacibdir.

Qazlı içkilər

Qazlı içkilər yüksək şəkər tərkibinə görə beyin sağlamlığı üçün ən zərərli məhsullardan biridir. Şəkər beynə qan daşıyan damarları zədələyir. Zaman keçdikcə bu, beynin fəaliyyət göstərməsi üçün lazım olan əsas enerjidən məhrum olmasına səbəb olur və erkən demensiya ilə insult riskini artırır. Kəskin hallarda isə şəkər beyin iltihabı, əsəbilik, əhvalın pisləşməsi və yuxu pozğunluğu yaradır.

Pivə

Pivə qida dəyəri olmayan "boş kalorilərdən" ibarətdir. Alkoqol neyrotoksin hesab olunur və hətta orta miqdarda istifadə edildikdə belə həm mərkəzi, həm də periferik sinir sisteminə zərər verə bilər.

Alkoqol neyronlar arasındakı siqnallara təsir etdiyi üçün:

• reaksiya və düşünmə sürəti zəifləyir

• yaddaş və diqqət pisləşir

• öyrənmə və impulsları idarə etmə qabiliyyəti azalır

Fri kartof

Fri kartof kimi yağlı qidalarla zəngin qidalanma beyinə qan aparan damarları zədələyə və koqnitiv problemlərə səbəb ola bilər.

Bu, hematoensefalik baryerin bütövlüyünü zəiflədir və beynin öyrənmə və yaddaşa cavabdeh olan hipokamp hissəsindəki neyronlara zərər verir.

RSS
Son şərhlər