Xəbərlər

Azərbaycanda təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı artıb və məsuliyyət dairəsi genişlənib.

TURBIN.AZ report-a istinadən xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırki İnzibati Xətalar Məcəlləsi 2016-cı ilin 1 mart tarixindən qüvvədə minib: "Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub. Ümumi balların sayı isə 54 olub. 2016-cı ildə sürücü sistemdəki bütün mümkün balların 37 faizini, yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi və bu nisbət o günün şərtlərinə tam mütənasib idi. Ancaq son 10 ildə yol hərəkət qaydaları, mikromobilliklə bağlı bir sıra hüquqi islahatlar keçirilib, dəyişikliklər olub və son 10 ildə balla qiymətləndirilən inzibati xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb".

Deputat vurğulayıb ki, həm xəta sayı, həm də ümumi bal həcmi təxminən iki dəfəyə yaxın artıb: "Demək, təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb və məsuliyyət dairəsi genişlənib. Ancaq limit yenə eynidir və bu o deməkdir ki, sürücü bu gün sistemdə bütün mümkün balların yalnız 22 %-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37 % olub. Və nəzərə alsaq ki, həmin orijinal 37 faizlik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır. Lakin məcəllənin çəkindirici qüvvəsini qorumaq, həm də cəzanın mütənasibliyini təmin etmək məqsədilə daha mühafizəkar mövqe tutaraq təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın. Yaxud yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir. Ancaq istənilən halda, bu məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırmalar aparmalıdır, təkliflər hazırlanmalıdır. Çünki bu təkcə limit məsələsi deyil, yeni yanaşma lazımdır. Və hazırda mediada belə bir səhv təəssürat formalaşdırılıb ki, bununla bağlı Milli Məclis hansısa bir layihə daxil olub və müzakirələr aparılır. Ona görə hesab edirəm ki, bununla bağlı, bu məsələ ilə bağlı məşğul olan, ixtisaslaşmış qurumlar təkliflər hazırlamalıdır, müzakirələr aparmalıdır".

Günəşin daxili quruluşunu araşdıran alimlər ulduzun maqnit aktivliyində uzunmüddətli dəyişikliklər müşahidə ediblər.

BAKU.WS xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, Günəşin daxili qatlarında baş verən maqnit hərəkətliliyi son 40 ildə əhəmiyyətli şəkildə dəyişib və bu, ulduzun yeni davranış mərhələsinə keçə biləcəyi ehtimalını gündəmə gətirib.

Mütəxəssislərin bildirdiyinə görə, Günəşin səthindən əldə edilən məlumatlar onun daxili proseslərini tam əks etdirmir. Yeni analizlər isə dərin qatlarda daha güclü və fərqli dinamikaların mövcud olduğunu göstərib.

Araşdırmanı aparan alimlər Günəşin 11 illik aktivlik dövründə dəyişikliklər müşahidə edildiyini və maqnit aktivliyinin bəzi hallarda səthə yaxın qatlarda toplandığını bildiriblər.

Alimlər bu proseslərin gələcəkdə kosmik hava proqnozlarına təsir edə biləcəyini və daha dəqiq modellərin hazırlanmasının vacibliyini qeyd ediblər.

Çinli tədqiqatçılar kvant hesablama sistemləri üçün dünyada ilk ultra sürətli yaddaş texnologiyasını yaratdıqlarını açıqlayıblar.

BAKU.WS xəbər verir ki, yeni texnologiya kvant kompüterləri sahəsindəki əsas problemlərdən birini – məlumatların oxunması və ötürülməsi sürətini artırmağı hədəfləyir.

Bu yenilik gələcəkdə dərmanların hazırlanması, mürəkkəb proseslərin təhlili və maliyyə fırıldaqlarının aşkarlanması kimi sahələrdə kvant kompüterlərinin imkanlarını genişləndirə bilər.

Mütəxəssislər bildirirlər ki, kvant kompüterləri ənənəvi kompüterlərlə müqayisədə mürəkkəb hesablamaları daha qısa müddətdə yerinə yetirmək potensialına malikdir. Lakin bunun üçün onların klassik məlumatlara sürətli çıxışı təmin edilməlidir. Əks halda, hətta ən güclü kvant sistemlərinin belə böyük həcmli məlumatlarla işləyərkən məhsuldarlığı aşağı düşə bilər.

Çjetszyan Universitetinin alimləri tərəfindən hazırlanmış yeni kvant operativ yaddaşı (QRAM) məhz bu problemi həll etməyə xidmət edir. Tədqiqatçılar hesab edirlər ki, QRAM texnologiyası məlumat mübadiləsini sürətləndirən əsas elementlərdən biri olacaq.

Ənənəvi kompüterlərdə məlumatlar yalnız "0" və ya "1" dəyərlərini alan bitlər vasitəsilə emal olunur. Kvant kompüterləri isə eyni anda bir neçə vəziyyətdə ola bilən kubitlərdən istifadə edir. Kvant dolaşıqlığı (entanglement) effekti ilə birlikdə bu xüsusiyyət müəyyən hesablamaların müasir superkompüterlərdən qat-qat sürətli aparılmasına imkan yaradır.

Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Vurğulanıb ki, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bu çərçivədə xüsusi tədris planlarının hazırlanması, ali təhsil müəssisələrinə qəbul tələblərinə uyğun, fənlər üzrə dərinləşdirilmiş proqramların təşkili həyata keçirilir.

Cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib, X siniflər üzrə 1 178 nəfər, XI siniflər üzrə isə 406 nəfər olmaqla ümumilikdə 1 584 şagird təhsil alır və bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib. Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir.

2025-26-cı tədris ilinin sentyabr-dekabr aylarını əhatə edən dövr üzrə aparılmış təhlillər göstərir ki, şagirdlərin ortaaylıq davamiyyət faizi əksər məktəblərdə 95-100 faiz intervalında dəyişib.

Bununla yanaşı, yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstələyib. 100 baldan aşağı nəticə göstəriciləri bütün müəssisələrdə minimuma endirilib.

Əldə edilən müsbət nəticələr nəzərə alınaraq bu model üzrə fəaliyyət göstərən məktəblərin şəbəkəsinin mərhələli şəkildə genişləndirilərək 100 məktəbə çatdırılması məqsədəuyğun hesab olunur. Yeni təmayül tədris modeli üzrə təhsil almaq istəyənlər regional təhsil idarələrinə müraciət edərək ətraflı məlumat əldə edə bilərlər.

"Gilas və alçanın qiymətləri hazırda mövsümün əvvəlində olduğu üçün yüksəkdir. Lakin bazar müşahidələri göstərir ki, qarşıdakı 15-20 gün ərzində məhsul yığımı artdıqca qiymətlər tədricən stabilləşəcək və müəyyən qədər ucuzlaşacaq".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, mövsümün ilk mərhələsində qiymətlərin yüksək olması təbii hesab edilsə də, bu il bahalaşma əvvəlki illərlə müqayisədə daha qabarıq şəkildə hiss olunur:

"Bunun əsas səbəblərindən biri inflyasiya və məhsulun maya dəyərinin artmasıdır. Əkin, becərmə, suvarma, gübrələmə, işçi qüvvəsi və daşınma xərclərinin yüksəlməsi son nəticədə bazardakı satış qiymətlərinə də təsir edir. Digər mühüm amil isə hava şəraitidir. Son aylarda bəzi bölgələrdə müşahidə olunan aramsız yağışlar və güclü küləklər məhsuldarlığa mənfi təsir göstərərək bazara çıxarılan məhsulun həcmini azaldıb.

Qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biri də satış zəncirində çoxsaylı vasitəçilərin iştirak etməsidir. Hazırda məhsul əksər hallarda fermerdən birbaşa istehlakçıya çatmır. Kənddə istehsalçıdan alınan məhsul əvvəlcə rayon mərkəzinə, sonra topdansatış məntəqələrinə, daha sonra isə bazarlara yönləndirilir. Nəticədə məhsul bir neçə dəfə əl dəyişir və hər mərhələdə üzərinə əlavə xərc qoyulur. Bu isə qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur".

AQC sədri hesab edir ki, dövlət tərəfindən fermerlərin bazara birbaşa çıxış imkanlarının genişləndirilməsi, müasir tədarük və logistika sisteminin yaradılması qiymətlərin daha sabit olmasına kömək edə bilər:

"Belə bir model həm istehsalçının məhsulunu daha sərfəli qiymətə satmasına, həm də alıcıların məhsulu daha münasib qiymətə əldə etməsinə şərait yaradar. Bu halda həm fermer qazanmış olar, həm də gilas və alça kimi mövsümi meyvələrin qiymətində süni bahalaşmanın qarşısı alınar".

Alimlər insanın bioloji yaşını və ömür uzunluğu ilə bağlı riskləri müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar.

BAKU.WS xəbər verir ki, araşdırmada DNT-dəki dəyişikliklər əvəzinə genlərin aktivliyini əks etdirən RNT molekulları analiz olunub. Yeni metod "transkriptom saatı" adlandırılıb.

Tədqiqat çərçivəsində siçanlar, siçovullar, meymunlar və insanlardan götürülmüş 11 mindən çox nümunə araşdırılıb. Nəticələr göstərib ki, qocalma ilə əlaqəli genetik əlamətlər müxtəlif növlərdə və toxumalarda oxşardır.

Mütəxəssislərin sözlərinə görə, hüceyrələrin bölünməsi və toxumaların bərpası ilə əlaqəli genlərin yüksək aktivliyi daha ləng qocalmadan xəbər verir. İltihab və hüceyrə ölümü ilə bağlı genlərin aktivliyi isə sürətli qocalmanın göstəricisi hesab olunur.

Alimlər bildirirlər ki, yeni texnologiya qocalma əleyhinə müalicələrin, pəhrizlərin və həyat tərzi dəyişikliklərinin effektivliyini daha qısa müddətdə qiymətləndirməyə kömək edə bilər.

Konspiroloji nəzəriyyələr cəmiyyətin böyük hissəsində yayılmaqda davam edir.

BAKU.WS xəbər verir ki, bəzi araşdırmalara əsasən, bu tip iddialara inamın arxasında psixoloji, sosial və idrak faktorları dayanır.

Mütəxəssislərin fikrincə, insan beyni mürəkkəb və qeyri-müəyyən situasiyalarda "sadə izah" axtarmağa meyllidir. Bu isə yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilir.

Məqalədə geniş yayılan bəzi konspiroloji iddialar və onların elmi izahı da təqdim olunur:

Yerin düz olduğu iddiası

Elmi məlumatlara görə, Yer ellipsoid formadadır və bu, peyk müşahidələri və fiziki ölçmələrlə sübuta yetirilib.

Ay enişinin saxta olması iddiası

Beynəlxalq elmi və texnoloji sübutlar, o cümlədən ölçmə sistemləri və kosmik müşahidələr bu missiyaların real olduğunu göstərir.

Peyvəndlərin mikrosxem daşıması iddiası

Mütəxəssislər bu iddianın texniki baxımdan mümkün olmadığını və peyvənd tərkibində belə komponentlərin olmadığını bildirirlər.

5G texnologiyasının zərərli olması iddiası

Beynəlxalq standartlara əsasən, bu texnologiya icazə verilən hədlər daxilində insan sağlamlığı üçün təhlükə yaratmır.

"Kimyəvi izlər" (chemtrails) nəzəriyyəsi

Alimlər bildirirlər ki, təyyarə izləri sadəcə atmosferdə yaranan kondensasiya nəticəsidir.

Mütəxəssislərin qənaətinə görə, konspiroloji nəzəriyyələr çox vaxt mürəkkəb hadisələrə sadə və emosional izah vermək ehtiyacından yaranır və elmi məlumatlarla təsdiqlənmir.

Kardioloqlar hesab edir ki, hər gün 15-20 dəqiqə velosiped sürmək ürəyi qorumağa və infarkt riskini azaltmağa kömək edir.

BAKU.WS xəbər verir ki, müntəzəm qısa məşqlər nadir hallarda edilən uzunmüddətli velosiped yürüşlərindən daha faydalıdır.

Mütəxəssislər qeyd edir ki, qaçışla müqayisədə velosiped sürmək oynaqlara düşən zərbə yükünü təxminən üç dəfə azaldır. Bu səbəbdən artıq çəkidən və ya artrozdan əziyyət çəkən insanlar üçün velosiped daha uyğun fiziki fəaliyyət növü hesab olunur.

Həkim ürəyin effektiv məşq olunması üçün yüklənmənin maksimal icazə verilən nəbzin 60-80 faizi arasında olmasını tövsiyə edib. Nəfəs darlığı, başgicəllənmə və ya digər narahatlıq halları yarandıqda isə məşqi dərhal dayandırmaq lazımdır.

Bildirək ki, elektrikli velosipedlər də faydalı ola bilər. Əgər sürücü pedalları aktiv şəkildə hərəkət etdirirsə, bu zaman adi velosipedlə müqayisədə təxminən 70 faiz fiziki yük əldə olunur. Bu isə yaşlı insanlar və hərəkət imkanları məhdud olan şəxslər üçün yaxşı alternativ sayılır.

Kardioloqlar sağlam insanlar üçün ən yaxşı variantın qısa interval qaçışları ilə orta intensivlikli velosiped gəzintilərinin növbələşdirilməsi olduğunu düşünür. Belə yanaşma həm oynaqların hərəkətliliyini qorumağa, həm də arterial təzyiqin normada saxlanmasına kömək edir.

Yaddaşı gücləndirən içki
0

Uzun illərdir həm alimləri, həm də qəhvə həvəskarlarını düşündürən bir sual var: qəhvə həqiqətən yuxunu pozurmu?

Yeni araşdırma göstərir ki, bu sualın cavabı düşünüldüyündən daha mürəkkəbdir.

Ölkə.az xəbər verir ki, alimlər yalnız yuxuya getmə müddətini deyil, həm də kofeinin yuxu başladıqdan sonra beyində yaratdığı təsirləri araşdırıblar. Bunun üçün elektroensefaloqrafiya (EEQ) texnologiyasından istifadə olunub. EEQ beynin elektrik fəaliyyətini qeydə alaraq yuxu zamanı baş verən prosesləri ətraflı şəkildə izləməyə imkan verir.

Polşadakı Vrotslav Tibb Universitetinin professoru Donata Kurpasın sözlərinə görə, EEQ yuxunun keyfiyyətini anlamaq üçün ənənəvi üsullardan daha dərin məlumatlar təqdim edir. Adi yuxu tədqiqatları əsasən yuxunun müddətinə və mərhələlərinə diqqət yetirsə də, EEQ beynin gecə boyu keçirdiyi dəyişiklikləri üzə çıxara bilir.

Tədqiqatçılar xüsusilə "yavaş dalğa aktivliyi" adlanan dərin yuxu mərhələsini araşdırıblar. Bu mərhələ orqanizmin toxumaları bərpa etdiyi, enerji ehtiyatlarını yenilədiyi, immun sistemini gücləndirdiyi, yaddaş və öyrənmə proseslərini dəstəklədiyi ən vacib yuxu mərhələlərindən biri hesab olunur.

"Nutrients" jurnalında dərc edilən araşdırma kofeinin məhz bu vacib prosesi mənfi təsirə məruz qoya biləcəyini göstərib. Nəticələrə görə, insan səkkiz saat yatıb səhər özünü dincəlmiş hiss etsə belə, EEQ qeydləri dərin yuxuya xas olan yavaş dalğa aktivliyinin azaldığını, əvəzində ayıqlıqla əlaqəli beyin fəaliyyətinin artdığını göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, insanların çoxu bu gizli təsirin fərqinə varmır. İnsan gecə ərzində oyandığını xatırlamaya və yaxşı yatdığını düşünə bilər. Lakin beyin bərpaedici yuxudan lazım olduğu qədər faydalanmamış ola bilər.

Araşdırma müəllifləri hesab edirlər ki, bu vəziyyət bəzi insanların tam gecə yuxusundan sonra belə niyə hələ də yorğun hiss etdiyini izah edə bilər.

Araşdırmalar göstərir ki, tez əsəbiləşən insanlar hər zaman "hövsələsiz" və ya "aqressiv" olmurlar; bəzi hallarda onlar yüksək emosional həssaslıq və güclü ədalət hissi ilə hərəkət edə bilirlər.

Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, asanlıqla qəzəblənən insanlar haqsızlığı, hörmətsizliyi və ya dəyər verdikləri məsələlərə yönəlmiş təhdidləri daha kəskin şəkildə qəbul edirlər. Buna görə də onların reaksiyaları çox vaxt laqeydlikdən deyil, əksinə, hadisələrə daha çox önəm vermələrindən qaynaqlanır.

Psixologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, yüksək empatiya və vicdan hissinə malik bəzi insanlar stress altında emosional reaksiyaları daha sürətli göstərə bilirlər. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, qəzəb təkbaşına insanın vicdanlı və ya həssas olmasının göstəricisi deyil. Burada şəxsiyyət xüsusiyyətləri, stress səviyyəsi və həyat şəraiti kimi bir çox amillər rol oynayır.

Tədqiqatçılara görə, əsas məsələ qəzəbin yaranması deyil, bu hissin necə idarə olunmasıdır. Sağlam ünsiyyət və emosional fərqindəlik güclü reaksiyaların münasibətlərə və gündəlik həyata mənfi təsir göstərməsinin qarşısını almaqda mühüm rol oynayır.

Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2026-cı il nəticələri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub.

Siyahıya görə dünyanın ən xoşbəxt şəhərləri belə sıralanıb:

1. Kopenhagen, Danimarka
2. Helsinki, Finlandiya
3. Cenevrə, İsveçrə
4. Uppsala, İsveç
5. Tokio, Yaponiya
6. Trondheim, Norveç
7. Bern, İsveçrə
8. Malmö, İsveç
9. Münhen, Almaniya
10. Aarhus, Danimarka
11. Sürix, İsveçrə
12. Barselona, İspaniya
13. Espoo, Finlandiya
14. Oslo, Norveç
15. Haaqa, Niderland

Reytinqə əsasən, Skandinaviya və Şimali Avropa şəhərləri üstünlük təşkil edir. Siyahının zirvəsində Danimarkanın paytaxtı Kopenhagen yer alaraq 2026-cı ilin ən xoşbəxt şəhəri seçilib.

RSS
Son şərhlər