Sağlamlıq və fitness (Məqalə: 2)

Turşəng (red: el arasında quzuqulağı kimi tanınır) ən erkən yetişən göyərtilərdən biridir. Açıq sahədə yetişən turşəngin mövsümü əsasən may-iyun aylarına təsadüf edir. Bu dövrdə yarpaqlar daha şirəli, yumşaq və vitaminlərlə zəngin olur. İstixana şəraitində isə turşəng ilboyu satışda olur və bağ sahələrində mövsüm ərzində bir neçə dəfə məhsul verməsi mümkündür.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, turşəng qida lifləri, C vitamini, beta-karotin, maqnezium, mis, yod, dəmir və kaliumla zəngindir.

Rusiyalı dietoloq İrina Pisaryovanın bildirdiyinə görə, bu bitki immun sistemini gücləndirir, sinir sisteminə müsbət təsir göstərir, qanda şəkər və xolesterinin səviyyəsini azaltmağa kömək edir, həmçinin qaraciyərdən toksinlərin xaric olunmasını sürətləndirir.

Lakin turşəngin təhlükəli tərəfi də var. Belə ki, onun tərkibində çoxlu miqdarda oksalat turşusu mövcuddur. Bu maddə böyrəklərdə daş əmələ gəlməsi riskini artıra bilər.

Dietoloqun sözlərinə görə, sidik daşı xəstəliyindən əziyyət çəkən insanlara turşəng tövsiyə edilmir. Bundan başqa, artrit, qastrit, xolesistit, qıcıqlanan bağırsaq sindromu, mədə xorası və pankreatit zamanı da bu məhsulun rasiondan çıxarılması məsləhətdir. Çünki turşəng mədə turşuluğunu artıraraq selikli qişaları qıcıqlandıra bilər.

Mütəxəssislər hesab edir ki, sağlam insan üçün turşəngi ayda bir neçə dəfə qəbul etmək kifayətdir. Onu az miqdarda təzə halda və ya yüngül şəkildə bişirərək yemək daha məqsədəuyğundur.

İrina Pisaryova qeyd edib ki, çiy halda gündə 50-100 qramdan artıq istifadə etmək məsləhət deyil və bunu hər gün etmək düzgün sayılmır. O əlavə edib ki, istilik emalı zamanı turşəng bəzi faydalı xüsusiyyətlərini itirir.

Həkim Aleksey Kalinçev isə bildirib ki, turşəngdən hazırlanan yeməklər çoxdur və bu yeməklərdə istifadə olunan miqdar adətən zərər yaratmır. Onun sözlərinə görə, turşəng daha çox borş, şorba, kotlet, salat, pendirli lavaş, piroq, omlet və müxtəlif soba yeməklərində istifadə olunur.

Həkim vurğulayıb ki, qidalanmanın nə qədər müxtəlif olması, orqanizmdə vitamin və mikroelement çatışmazlığı riskini bir o qədər azaldır.

Nar şirəsi uzun illərdir ürək sağlamlığını dəstəkləyən içkilərdən biri hesab olunur. O, iltihabı və orqanizmdə oksidləşdirici stressi azaltmağa kömək edən antioksidantlar və bitki mənşəli birləşmələrlə zəngindir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər nar şirəsini yeməklə birlikdə qəbul etməyi daha uyğun hesab edirlər. Çünki onun tərkibində təbii şəkərlər var və ayrıca içildikdə qanda qlükoza səviyyəsi daha sürətlə arta bilər. Zülal, yağ və ya lif tərkibli qidalarla birlikdə qəbul edildikdə isə mənimsənilməsi daha balanslı olur.

Bu xüsusilə maddələr mübadiləsi pozuntusu və ya şəkər səviyyəsində sıçrayışlara meyilli insanlar üçün vacibdir.

Bəzi kiçik araşdırmalar göstərib ki, fiziki fəaliyyətdən təxminən 30 dəqiqə əvvəl nar şirəsi və ya onun ekstraktını qəbul etmək qan dövranını və məşqdən sonra damarların genişlənməsini yaxşılaşdıra bilər. Buna görə bəzi insanlar onu gəzintidən və ya məşqdən əvvəl içməyi seçirlər.

Nar şirəsi damarların fəaliyyətini yaxşılaşdıra bilər. Bunun səbəbi azot oksidinin əlçatanlığını artırmasıdır. Bu maddə damarların rahatlamasına və qan dövranının yaxşılaşmasına kömək edir.

Nar şirəsinin tərkibindəki kalium da ayrıca qeyd olunur. Kalium qan təzyiqinin tənzimlənməsinə kömək edir və natriumun təsirini balanslaşdıraraq damarlara düşən yükü azaldır.

Təzyiq salan dərmanlar, statinlər və ya qanın laxtalanmasına təsir edən preparatlar qəbul edən insanlar nar şirəsini istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Diabet zamanı da ehtiyatlı olmaq lazımdır, çünki içkinin tərkibində şəkər var.

Günəş işığı D vitamini sintezinin əsas təbii mənbələrindən biridir.

TRENDX.AZ xəbər verir ki, düzgün və qısa müddətli günəşlənmə orqanizmin ehtiyac duyduğu D vitamininin formalaşmasına kömək edir, lakin bunun müəyyən qaydaları var.

Mütəxəssislərin sözlərinə görə, D vitamini əsasən günəşin ultrabənövşəyi B (UVB) şüaları vasitəsilə dəridə yaranır. Ən effektiv vaxt isə günün ortası – 10:00–15:00 aralığı hesab olunur.

Nə qədər günəş kifayətdir?

Araşdırmalara əsasən, açıq dərili insanlar üçün gündə 10–15 dəqiqə, tünd dərili insanlar üçün isə 20–30 dəqiqəyə qədər günəşdə qalmaq kifayət edə bilər. Bu müddət ərzində üz, qollar və əllərin açıq olması vacib sayılır.

Günəş kremi və şüşə maneəsi

Mütəxəssislər xəbərdarlıq edir ki, günəş kremi D vitamininin sintezini azalda bilər. Lakin uzun müddət günəşdə qalınacaqsa, kremdən istifadə mütləqdir. Həmçinin pəncərə arxasından düşən günəş şüaları D vitamini yaratmır, çünki UVB şüaları şüşədən keçmir.

Mövsümi fərqlər

Qış aylarında və buludlu havalarda orqanizmin D vitamini istehsalı xeyli azalır. Bu səbəbdən həmin dövrlərdə günəşdən faydalanmaq daha çətin olur və əlavə qidalanma və ya həkim məsləhəti önəmli hesab edilir.


Teqlər buludu / Müəlliflər